- Transfer
- 23:59 17.06.2025
İspaniyalı futbolçu Xesus Suso karyerasını yenidən “Kadis” klubunda davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında bağlanmış müqavilənin müddəti dörd ildir.
Uzun illər Avropanın aparıcı klublarında çıxış etmiş 30 yaşlı yarımmüdafiəçi əvvəllər “Milan”, “Cenoa” (İtaliya), eləcə də “Liverpul” (İngiltərə) komandalarının formasını geyinib. 2012-ci ildə Suso İspaniyanın U-19 millisinin heyətində Avropa çempionu olub. 2013-cü ildə keçirilən U-20 dünya çempionatında isə kapitan sarğısını daşıyıb.
Təcrübəli oyunçu daha sonra İspaniya milli komandasının əsas heyətində də 5 oyunda meydana çıxıb. Maraqlıdır ki, yaşına baxmayaraq, “Kadis” Susoya uzunmüddətli – dörd illik müqavilə təklif edib. Bu transferlə klub ikinci liqada güclənməyi və elitaya qayıdışı hədəfləyir.