- Transfer
- 12:47 04.12.2025
İspan hücumçu Alvaro Moratanın İtaliyanın “Komo” klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu 2025/2026 mövsümünü icarə əsasında “Komo”da keçirəcək. Müqavilədə mövsümün sonunda futbolçunun hüquqlarının alınmasıda nəzərdə tutulub.
“Komo”nun baş məşqçisi Sesk Fabreqas transferlə bağlı bildirib:
“Alvaronu illərdir tanıyıram və hər zaman onun oyununa, həm də özünü aparma tərzinə heyran olmuşam. O, ən vacib məqamlarda maksimum nəticə verən ağıllı hücumçudur və ətrafındakı hər kəsi ruhlandıran komanda yoldaşıdır. Onu burada görməkdən çox məmnunuq.”
Morata da yeni klubuna keçidi barədə fikirlərini bölüşüb:
“Komo”ya qoşulduğum üçün çox şadam. Keçən mövsüm onlara qarşı oynayarkən komandanı və layihəni yaxından tanıdım. Çox iddialı olduqlarını görmək mümkündür. Azarkeşlərə və klub rəhbərliyinə söz verirəm ki, hər məşqdə və oyunda 200% gücümü ortaya qoyacağam. Bu formanı geyinmək üçün səbirsizlənirəm.”
Fevral 2025-dən etibarən Morata “Milan”dan icarə əsasında “Qalatasaray”da çıxış edirdi. Onun icarə müqaviləsi yanvar 2026-da bitməli idi, lakin hücumçu vaxtından əvvəl “Milan”a qayıdaraq “Komo”ya transfer olunub. Türkiyə klubunda oynadığı müddətdə 16 matçda meydana çıxan Morata 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 11 milyon avrodur.