- Transfer
- 12:47 04.12.2025
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş yay transfer pəncərəsi zamanı Səudiyyə Ərəbistanının üç klubunun təkliflərini qəbul etməyib.
90deqiqe.Az-ın məlumatına görə, söhbət “Əl-Hilal”, “Əl-Nəsr” və “Əl-İttihad” klublarından gedir.
İyulun sonunda “Əl-Hilal” portuqaliyalı yarımmüdafiəçi ilə əlaqə saxlayıb. Lakin Fernandeş ən azı bir il də Avropada qalmaq istədiyini bildirib. Futbolçu hətta həmyerlisi və “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldonun şəxsi dəvətinə də birbaşa imtina cavabı verib. Ronaldonun klubla müqaviləsini yenilədikdən sonra transferlərdə söz sahibi olduğu vurğulanır.
Fernandeş 2020-ci ilin qışından “qırmızı şeytanlar”ın heyətində çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 294 oyuna çıxıb, 99 qol vurub və 86 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyalı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, onun bazar dəyəri 50 milyon avro təşkil edir.