- Transfer
- 12:47 04.12.2025
“Bavariya”nın müdafiəçisi Dayo Upamekano karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90deqiqe.Az “Foot Mercato”ya istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətində “Real Madrid” və “Barselona” klubları maraqlıdır.
Hər iki nəhəng klub 26 yaşlı mərkəz müdafiəçisini yüksək qiymətləndirir və onun transferi uğrunda qarşılıqlı rəqabətə girə bilər. Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıblar.
Müdafiəçiyə həmçinin İngiltərə Premyer Liqasının nəhəngləri — “Mançester Yunayted” və “Liverpul” da maraq göstərir.
Upamekano ilə “Bavariya” arasında mövcud müqavilə bu mövsümün sonunda başa çatır. Tərəflər arasında danışıqlar dalana dirənib və hazırda müqavilənin uzadılması istiqamətində irəliləyiş yoxdur.
Daha əvvəl fransalı futbolçuya uzunmüddətli müqavilə təklif olunsa da, onun maliyyə şərtləri oyunçunun tələblərinə cavab verməyib.
Xatırladaq ki, Dayo Upamekano 2021-ci ilin yayında “Leyptsiq”dən “Bavariya”ya 60 milyon avro qarşılığında transfer olunub. Cari mövsümdə o, bütün turnirlərdə 14 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 50 milyon avro təşkil edir.