- Transfer
- 15:04 29.12.2025
PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi yarımmüdafiəçi Vitinyanın transferi ilə bağlı qəti mövqe sərgiləyib.
90deqiqe.Az-ın "Defensa Central"a istinadən məlumatına görə, Paris klubunun rəhbəri futbolçunun satışı məsələsində “Real” klubu ilə danışıqlara başlamağı düşünmür.
Mənbənin məlumatına görə, PSJ rəhbərliyinin əsas səbəbi komanda üçün vacib fiqur sayılan Vitinyanı heyətdə saxlamaq istəməsidir. Bundan əlavə, Nasser Əl-Xəlaifi ilə “Real”ın prezidenti Florentino Peres arasında mövcud olan gərgin münasibətlər də qərara təsir edən amillər sırasındadır.
Qeyd olunur ki, Kilian Mbappenin ətrafında yaşanan hadisələr, eləcə də “Real”la UEFA arasında Avropa Superliqası ilə bağlı yaranmış münaqişə iki klub rəhbəri arasındakı münasibətləri daha da pisləşdirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda “Real”ın Vinisius Juniorun komandadan ayrılması halında Vitinyanı 100 milyon avro qarşılığında transfer etməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.
Cari mövsümdə sabit çıxışı ilə diqqət çəkən Vitinya "Globe Soccer Awards" mərasimində ilin ən yaxşı yarımmüdafiəçisi seçilib. Portuqaliyalı futbolçunun PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.