- Transfer
- 23:12 10.01.2026
“Mançester Yunayted” və “İnter” klubları “Sassuolo”nun mərkəz müdafiəçisi Tarik Muharemoviçlə maraqlanır.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, 22 yaşlı futbolçu bir sıra Avropa klublarının diqqət mərkəzindədir.
Mənbə bildirir ki, bosniyalı müdafiəçi “Bolonya”, “Aston Villa” və “Bornmut”un da maraq dairəsinə düşüb. Muharemoviç 2025-ci ildə “Yuventus”dan 3 milyon avro qarşılığında “Sassuolo”ya transfer olunub. Növbəti satış zamanı Turin klubuna əldə ediləcək məbləğin 50 faizi ödəniləcək.
“Sassuolo” rəhbərliyi futbolçunun mümkün transferi ilə bağlı qərarı yay transfer pəncərəsinədək təxirə salmağı planlaşdırır.
Cari mövsümdə Tarik Muharemoviç bütün turnirlər üzrə 17 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin klubla mövcud müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 14 milyon avro təşkil edir.