- Transfer
- 23:07 13.01.2026
“Barselona” klubu portuqaliyalı futbolçu Joau Kanselunun transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müdafiəçini cari mövsümün sonunadək icarəyə götürüb. Razılaşmanın maliyyə detalları açıqlanmayıb.
Futbolçunun tam transfer hüquqları Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna məxsus olaraq qalır.
31 yaşlı Joau Kanselu 2024-cü ilin yayından etibarən “Əl-Hilal”ın formasını geyinir. O, bu mövsüm bütün turnirlərdə altı oyunda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Kanselunun klubla mövcud müqaviləsi 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir. “Transfermarkt” portalı portuqaliyalı futbolçunun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Joau Kanselu daha əvvəl də “Barselona”da çıxış edib.