- Transfer
- 23:59 25.01.2026
Portuqaliya millisinin sabiq üzvü, tanınmış futbolçu Luiş Nani peşəkar karyerasını bərpa edib.
90deqiqe.Az xəbər verir ki, 39 yaşlı vinger Qazaxıstanın “Aktobe” klubu ilə rəsmi müqavilə imzalayaraq yenidən yaşıl meydanlara qayıdıb. Təcrübəli futbolçu ilə imzalanan müqavilənin müddəti 2026-cı ilin sonunadək nəzərdə tutulub.
Nani ötən ilin dekabrında Portuqaliyanın “Estrela Amadora” klubu ilə yollarını ayırdıqdan sonra karyerasını başa vurduğunu açıqlamışdı. Lakin Qazaxıstan təmsilçisindən gələn təklifi qəbul edən futbolçu qərarını dəyişərək yenidən peşəkar futbola dönüb. Məlumata görə, onun aylıq məvacibi təxminən 70 min dollar (təxminən 119 min AZN) təşkil edəcək ki, bu da Qazaxıstan Premyer Liqası tarixində rekord maaş göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, Luiş Nani futbolçu karyerasının ən uğurlu dövrünü İngiltərənin “Mançester Yunayted” klubunda keçirib. O, “qırmızı şeytanlar”ın heyətində 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, həmçinin UEFA Çempionlar Liqasını qazanıb. Portuqaliya millisində 112 oyuna çıxan və 24 qola imza atan hücumçu 2016-cı ildə Avropa çempionu tituluna da sahib çıxıb.