- Transfer
- 17:46 13.02.2026
"Yuventus"un müdafiəçisi Pyer Kalulu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumata görə, 25 yaşlı futbolçuya “Mançester Yunayted” maraq göstərir. İngiltərə təmsilçisi artıq fransız futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
“Qırmızı şeytanlar”ın skautları yaxın günlərdə “qoca sinyora”nın "İnter" ilə oyuna gedərək potensial yeni transferi izləyəcəklər.
Mərkəz müdafiəçinin "Yuventus"la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir. Onun bazar dəyəri 28 milyon avro qiymətləndirilir. Cari mövsümdə fransız futbolçu Serie A-da 24 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.