25 noyabr 2024. Bazar ertəsi

İngiltərədə oynamağı çox istərdim - Emil Balayev


  • Transfer
  • 12:21 27.09.2019
  • Oxunma sayı: 736
İngiltərədə oynamağı çox istərdim - Emil Balayev

Millimizin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan mətbuatına müsahibə verib.

Corner.az xəbər verir ki, 25 yaşlı qolkiper klubundakı çıxışından və Azərbaycan millisindəki debütündən danışıb. 

- Emil, bir az öz haqqınızda danışın. Azarkeşlər üçün futbola necə gəlməyiniz və ailənizlə bağlı danışmağınız maraqlıdır.

- Bir çox futbolçu kimi, mən də futbola həyətdə başladım. Bu idman növünə olan sevgimi görən babam məni futbola yazdırmaq qərarına gəldi. Əmim peşəkar səviyyədə futbol oynayırdı, amma çox erkən yaşlarında diz zədəsi səbəbindən karyerasına son qoymuşdu. O vaxtlar  əməliyyatlar daha mürəkkəb idi, müalicələr indiki kimi aparılmırdı. Buna görə əməliyyatdan sonra futbolu tərk etmək qərarına gəldi. Mən uşaq olanda əmim və babam həmişə oyunlarıma gəlirdi. Atam da idmanla məşğul olub, boksçu idi.

- "Tobol" variant necə yarandı? Bura gəlməzdən əvvəl Qazaxıstan futbolu haqqında nə bilirdiniz?

- Əvvəllər bir neçə Qazaxıstan komandası - "Tobol", "Astana", "Ordabasi və "Kayrat" haqda eşitmişdim. Çünki Azərbaycan çempionatında oynayan və sonradan Qazaxıstana köçən bəzi oyunçular var idi. Məsələn, Riçard Almeyda, Pedro Enrike, Nika Kvekveskiri əvvəllər Azərbaycan çempionatında oynamışdılar. Buna görə də onların keçidləri və Qazaxıstan Premyer Liqası barədə eşitmişdim. Seçimə gəlincə, “Tobol”dan mənə maraq var idi və qərara gəldim ki, yenidən legioner həyatı yaşayım. İndi qərarımdan peşman deyiləm. 

- Artıq 27 tur geridə qalıb, müəyyən nəticələr çıxarmaq olar. Premyer Liqanın səviyyəsini necə görürsünüz? Azərbaycan çempionatı ilə müqayisə edərdiniz...

- Müqayisə etsək, görərik ki, burda Azərbaycandakından daha çox komanda var. Qazaxıstan böyük ölkədir, dünyada doqquzuncudur, bu üzdən səfər oyunları üçün uzaq məsafələr qət etməli olursan. Bu da maraqlıdır. İlk vaxtlar buna uyğunlaşmaq çətin idi, amma indi tam öyrəşmişəm və hər şey yaxşı gedir. Qazaxıstanda daha çox atletik futbol oynayırlar, Azərbaycanda isə texniki oyuna üstünlük verilir.

- "Tobol" çempionluq uğrunda mübarizəni davam etdirir. Bu mövsüm qızıl medal qazanmaq şansınız nə dərəcədə realdır?

- Deyərdim ki, mümkünsüz heç nə yoxdur. Hər oyuna maksimum hazır vəziyyətdə çıxırıq və üç xalla ayrılmaq istəyirik. Əvvəlcədən konkret nəsə demək istəmirəm, amma klub olaraq ən yüksək hədəflərə çatmağa çalışırıq.

- "Tobol" ardıcıl 7 oyundu qol buraxmır və bunun 6-da qapıda siz dayanmısınız. Qapıçıdan bilmək maraqlıdır, belə bir uğurun sirri nədi?

- Bəli, komandamız bir neçə oyundur qol buraxmır ki, bu, müsbət amildir. Amma düşünmürəm ki, burda kiminsə şəxsi əməyi var. Bu, hər bir futbolçunun və məşqçinin zəhmətinin nəticəsidir. Futbol kollektiv oyundur. Mənə bu quru seriyaya nail olmağa kömək olan bütün futbolçulara minnətdaram.

- Bu yaxınlarda Jasur Narzikulov komandanıza qoşuldu. Klubda qapıçıların münasibəti necədir?

- Çox mehriban kollektivimiz var və qapıçılar bir-biriləri ilə yaxşı ünsiyyətdədirlər. Əlbəttə ki, oyununuzdan asılı olmayaraq - yaxşı və ya pis olduğunuz zaman komanda yoldaşlarınızın sizə səmimi münasibət bəsləməsi müsbət haldır. Hər matçdan sonra həm Jasur, həm də Sultan Busurmanov mənə dəstək olur. Bu cür dəstəyi hiss etdiyiniz zaman sizə əlavə inam və güc gəlir.

- Xorvatiyaya qarşı matçda milli komandanızda debüt etdiniz və oyununuz möhtəşəm alındı. Buna görə sizi təbrik edirik. Təəssüratlarınız necədir və ümumilikdə matç barədə nə deyə bilərsiniz?

- Oyundan əvvəl bilirdik ki, ciddi rəqiblə - dünya çempionatının gümüş medalçıları ilə qarşılaşacağıq. Bizi yüksək səviyyəli futbolçularla duelin gözlədiyini başa düşürdük və komanda buna hazırlaşırdı. Hər kəsin, xüsusən də, mənim böyük arzum var idi. Çünki millidə debüt edirdim. Düşünürəm ki, belə oyunlarda hər futbolçunun həyəcanı olur, ancaq bu mənə mane olmadı. Düzgün konsentrasiya olunmuşdum, diqqətli idim. Allaha şükürlər olsun, oyun komandamız üçün uğurlu alındı.

- Bir az da dünya futbolu haqda danışaq. Hansı qapıçılar sizi heyran edir, kumiriniz varmı? Və hansı klubda oynamağı xəyal edərdiniz?

- Düzünü deyim, konkret hansısa klubda oynamaq xəyalım olmayıb, amma İngiltərə Premyer Liqasında oynamağı çox istərdim. Qapıçılara gəlincə, kumirim yoxdur. Lakin oyun üslubunu bəyəndiyim qapıçılar var. Edersonun ayaqla oynaması xoşuma gəlir. Həmçinin Noyer, Kasilyas və Çexi bəyənirəm.

- Nəhayət, azarkeşlərə müraciətiniz.

- Bazaya girəndə stadionumuzun köhnə fotolarını görürəm, tribunalar dolu olduqda, oturacaqlar olmadığı üçün insanlar hətta "Tobol"un matçlarını ayaq üstə seyr ediblər. Hal-hazırda oyunlarımıza gələn hər bir azarkeşə böyük hörmətim var və şadam ki, bizi dəstəkləyirlər. Ancaq çox istərdim ki, əvvəllər olduğu kimi tribunalar dolsun. Ümid edirəm və inanıram ki, son vacib oyunlarda azarkeşlərimiz bizi tək qoymayacaqlar.(qol)







Transfer

"Lion"dan A Seriyasına
  • Transfer
  • 22:18 22.11.2024
"Lion"dan A Seriyasına