- Transfer
- 15:49 14.03.2026
"Barselona" hücum xəttini gücləndirmək üçün yeni futbolçu axtarır.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi "Çelsi"nin futbolçusu Pedro Netonu diqqət mərkəzində saxlayır. Klubun izləyiciləri hazırladıqları hesabatlarda portuqaliyalı oyunçu haqqında müsbət fikirlər bildiriblər. Xüsusilə onun hər iki ayaqla eyni səviyyədə oynamaq bacarığı qeyd olunur ki, bu da futbolçuya hər iki cinahda effektiv çıxış etməyə imkan verir.
Danışıqlarda mühüm rol oynaya biləcək şəxslərdən biri isə futbolçunun agenti Jorje Mendeşdir. Onun “Barselona” rəhbərliyi ilə yaxşı münasibətlərə malik olduğu bildirilir. Lakin hələlik Kataloniya klubu futbolçunun çıxışını yalnız izləyir.
Mümkün transferdə əsas maneələrdən biri isə qiymət ola bilər. Belə ki, "Çelsi" 2024-cü ildə Pedro Netonu heyətinə qatmaq üçün 60 milyon avro ödəyib.
Cari mövsümdə futbolçu 42 oyunda meydana çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.