- Transfer
- 23:33 20.04.2026
“Palmeyras”ın futbolçusu Eduardo Konseysao karyerasını İngiltərənin “Mançester Yunayted” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın “UOL”a istinadən məlumatına görə, braziliyalı futbolçunun xidmətində "qırmızı şeytanlar" maraqlıdır. İngiltərə nəhəngi 16 yaşlı futbolçunu transfer etmək üçün 40 milyon avro ödəməyə hazırdır.
Mançester klubunun nümayəndələrinin yaxın günlərdə “Palmeyras”ın vingeri üçün rəsmi təklif göndərəcəyi gözlənilir.
“Mançester Yunayted” skautları futbolçunu son Cənubi Amerika gənclər çempionatında izləyiblər. Həmin turnirdə Konseysao 2 qol vurub və Braziliya millisi yarışın üçüncü yerini tutub.
“Palmeyras” bu təklifi qəbul etməyə tələsmir və klub futbolçu üçün ən azı 50 milyon avro tələb etmək niyyətindədir.
Daha əvvəl “Mançester Siti” və “Barselona”nın da futbolçu ilə maraqlandığı iddiaları yayılmışdı.
Qeyd edək ki, Konseysao 18 yaşına çatana qədər istənilən halda “Palmeyras”da çıxış etməyə davam edəcək.