- Transfer
- 23:43 22.04.2026
Türkiyənin “Fənərbağça” klubu yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın “Fanatik”ə istinadən məlumatına görə, İstanbul təmsilçisinin maraq dairəsinə “Bavariya”nın müdafiəçisi Kim Min Ce düşüb.
Cənubi Koreya millisinin üzvü Almaniya klubunda əsas heyətdə yerini itirib və Dayo Upamekano ilə Tayaya rəqabətdə geridə qalıb. Bununla belə, son vaxtlar Bundesliqada çempionluq mübarizəsinin yumşalması və Çempionlar Liqasındakı həlledici mərhələlərə yaxınlaşma səbəbindən daha çox oyun vaxtı almağa başlayıb.
Oyunçu ilə bağlı ilkin danışıqlar ötən qış başlamışdı, lakin həmin vaxt “Bavariya” onun satışına razı olmamışdı. Münhen klubu hazırda yeni mərkəz müdafiəçisi axtardığı üçün 29 yaşlı futbolçunun yayda satışına müsbət yanaşa bilər.
Onun agentinin artıq İstanbulda danışıqlara başladığı bildirilir. Xatırladaq ki, Kim Min Ce 2021–2022-ci illərdə də “Fənərbağça”nın formasını geyinib, daha sonra isə “Napoli”yə transfer olunub.