- Transfer
- 23:56 01.06.2026
Çempionlar Liqasını ardıcıl ikinci dəfə qazandıqdan sonra heyətini daha da gücləndirmək niyyətində olduğunu açıqlayan PSJ rəhbərliyi transfer çalışmalarına start verib.
90deqiqe.Az-ın “Foot Mercato"ya istinadən məlumatına görə, Fransa çempionu Almaniyanın "Leyptsiq" klubunda çıxış edən cinah oyunçusu Yan Diomandenin transferi üzərində işləyir.
Bildirilir ki, 19 yaşlı futbolçu Paris təmsilçisinə keçidə razılıq verib. Bu amil PSJ üçün mühüm əhəmiyyət daşıyır, çünki klub rəhbərliyi futbolçunun ilkin razılığını aldıqdan sonra transfer danışıqlarını daha fəal mərhələyə keçirir.
Hazırda keçidin reallaşması tərəflərin maliyyə və müqavilə şərtləri üzrə razılığa gəlib-gəlməyəcəyindən asılıdır. PSJ-nin "Leyptsiq"lə ortaq məxrəcə gələcəyi təqdirdə transferin baş tutacağı gözlənilir.
Qeyd olunur ki, Yan Diomandenin digər variantları da var. Gənc futbolçu İngiltərənin "Liverpul" klubuna keçid ehtimalına da müsbət yanaşır.