- Transfer
- 23:23 05.06.2026
"Bavariya" rəhbərliyi fransalı vinger Maykl Oliseni komandada saxlamaqda qərarlıdır və futbolçunun transferi ilə bağlı daxil olacaq heç bir təklifi nəzərdən keçirməyi planlaşdırmır.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Bayern & Germany" məlumat yayıb.
Məlumata görə, Münhen təmsilçisi Olise üçün 150 milyon avro və ya hətta 200 milyon avro məbləğində təklif gəlsə belə, futbolçunu satmaq niyyətində deyil. Klub rəhbərliyi 23 yaşlı hücumçunu komandanın gələcək layihəsinin əsas fiqurlarından biri hesab edir.
Qeyd olunur ki, Oliseyə Madrid "Real"ı maraq göstərir. Daha əvvəl "Kral klubu"nun prezidenti Florentino Peres qarşıdakı çərşənbə axşamı naməlum futbolçunun transferi üçün 150 milyon avroluq təklif göndərəcəklərini açıqlamışdı.
Sonradan İspaniyanın AS nəşri həmin futbolçunun məhz Maykl Olise olduğunu yazsa da, Florentino Peres bu iddiaları təsdiqləməyib.
Xatırladaq ki, fransalı vinger ötən mövsüm göstərdiyi uğurlu performansla Avropanın aparıcı klublarının diqqətini cəlb etməyi bacarıb.