- Transfer
- 23:23 05.06.2026
"Real Madrid"in sabiq kapitanı Serxio Ramos Rusiyadan aldığı sərfəli transfer təklifini qəbul etməyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın "El Chiringuito TV" proqramında məlumat verilib.
Mənbənin iddiasına görə, adı açıqlanmayan Rusiya klubu təcrübəli müdafiəçiyə cəmi üç aylıq çıxış müqabilində 8 milyon avro xalis əməkhaqqı təklif edib. Lakin 40 yaşlı futbolçu bu təklifi rədd edib.
Hazırda heç bir klubun formasını geyinməyən Ramos yanvarın 1-dən etibarən azad agent statusundadır. Təklif göndərən Rusiya klubunun adı isə açıqlanmayıb.
Qeyd edək ki, Serxio Ramos karyerası ərzində "Sevilya", "Real Madrid", PSJ və "Monterrey" klublarının şərəfini qoruyub. Təcrübəli müdafiəçi son olaraq keçmiş komandası PSJ-ni UEFA Çempionlar Liqasındakı uğuru münasibətilə təbrik etmişdi.
Xatırladaq ki, Paris təmsilçisi turnirin finalında "Arsenal"ı məğlub edərək Çempionlar Liqasının qalibi olub.