- Transfer
- 23:59 08.06.2026
Fransa millisinin hücumçusu Randal Kolo-Muaninin yay transfer dönəmində yenidən "Yuventus"a keçidi gündəmdədir.
90deqiqe.Az-ın “Tuttosport"a istinadən məlumatına görə, Turin klubu futbolçunun transferi ilə bağlı PSJ ilə danışıqları davam etdirir. "Yuventus" eyni zamanda Aleksandr Sörlot variantı üzərində də çalışsa da, Kolo-Muani transferindən imtina etməyib.
Bildirilir ki, Paris təmsilçisi 26 yaşlı forvard üçün təxminən 35 milyon avro tələb edir. Lakin "Yuventus" bu məbləğə razı deyil və 30 milyon avrodan artıq ödəmək niyyətində deyil. Tərəflər arasında satınalma öhdəliyi ilə icarə variantı da müzakirə olunur.
Mənbənin məlumatına görə, Kolo-Muani PSJ-nin baş məşqçisi Luis Enrikenin planlarına daxil deyil. Futbolçunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, fransalı hücumçu 2024/25 mövsümünün ikinci yarısında icarə əsasında "Yuventus"un formasını geyinib. O, Turin təmsilçisinin heyətində keçirdiyi 22 oyunda 10 qola imza atıb və yenidən komandaya qayıtmaq istəyir.