12 iyun 2026. Cümə

“Mançester Yunayted” Belçika millisinin hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:06 10.06.2026
  • Oxunma sayı: 22
“Mançester Yunayted” Belçika millisinin hücumçusunu transfer etmək istəyir

“Mançester Yunayted” yay transfer dövründə hücum xəttini daha bir futbolçu ilə gücləndirə bilər.

 90deqiqe.Az-ın məlumata görə, Mançester təmsilçisi “Lill”in hücumçusu Matias Fernandes-Pardonun transfer imkanlarını araşdırır.

Bildirilir ki, 21 yaşlı belçikalıya maraq Coşua Zirkzenin komandadan ayrılması halında daha da ciddiləşə bilər. Klub rəhbərliyi niderlandlı hücumçunun paltardəyişmə otağındakı təsirini yüksək qiymətləndirsə də, onun meydandakı çıxışları hələlik gözləntiləri doğrultmayıb.

Fernandes-Pardo həm hücumun mərkəzində, həm də hər iki cinahda oynamaq bacarığına malikdir.

O, ötən mövsüm Fransa çempionatında 8 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu həmçinin Belçika millisinin dünya çempionatı üçün heyətinə daxil edilib.

Fransanın nüfuzlu nəşrlərindən biri olan “L'Ekip” daha əvvəl Brüsseldə anadan olmuş futbolçunu ölkə çempionatının ən yaxşı cinah oyunçularından biri adlandırıb. Nəşr onun fiziki göstəricilər, sürət və texniki ustalıq baxımından nadir keyfiyyətlərə malik olduğunu vurğulayıb.

“Lill” futbolçunun transferi üçün 70 milyon avroya qədər məbləğ tələb edə bilər.

“Mançester Yunayted”in qısa siyahısında “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers və “Everton”un cinah oyunçusu İliman Ndiaye də yer alır. Bu futbolçuların transferinin daha baha başa gələ biləcəyi qeyd olunur.







Transfer