12 iyun 2026. Cümə

“Mançester Siti” rekord transferə hazırlaşır


  • Transfer
  • 22:06 11.06.2026
  • Oxunma sayı: 36
“Mançester Siti” rekord transferə hazırlaşır

“Mançester Siti” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonun transferi üçün ikinci təklif göndərib, lakin yenidən rədd cavabı alıb.

90deqiqe.Az-ın “BBC Sport"a istinadən məlumatına görə, təklifin məbləği bonuslarla birlikdə 122 milyon funt-sterlinqə qədər yüksələ bilən 106 milyon funt-sterlinq təşkil edib.

Transfer baş tutacağı təqdirdə, 23 yaşlı futbolçu İngiltərə futbolu tarixinin ən bahalı yerli oyunçusuna çevriləcək. O, 2023-cü ildə 105 milyon funt-sterlinq qarşılığında “Vest Hem”dən “Arsenal”a keçən Deklan Raysın rekordunu geridə qoyacaq.

Elliot Anderson “Nyukasl”ın yetirməsidir. O, 2024-cü ildə 15 milyon funt-sterlinq qarşılığında “Nottingem Forest”ə transfer olunub.

Yarımmüdafiəçi ötən mövsüm İngiltərə çempionatında 38 oyuna çıxaraq dörd qol vurub. Ümumilikdə isə o, klubun heyətində 92 matçda iştirak edib və altı dəfə rəqib qapılarına yol tapıb.

Anderson bu həftə İngiltərə millisinin Kosta-Rika ilə keçirilən yoldaşlıq görüşündə (3:0) start heyətində meydana çıxıb və hazırda dünya çempionatına hazırlaşır. Klublar arasında danışıqların turnir müddətində də davam edə biləcəyi bildirilir.







Transfer