- Transfer
- 23:26 16.06.2026
“Arsenal” “Roma”nın yarımmüdafiəçisi Manu Kone transferinə bir addım da yaxınlaşıb.
90deqiqe.Az-ın “Gazzetta dello Sport"a istinadən məlumatına görə, London təmsilçisi artıq fransalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb və hazırda Roma klubu ilə yekun razılıq əldə etmək istiqamətində danışıqları davam etdirir.
Bildirilir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta yay transfer dövründə yarımmüdafiə xəttini gücləndirmək üçün Manu Koneni əsas hədəf kimi müəyyənləşdirib. Hazırda Fransa millisinin düşərgəsində olan futbolçu da karyerasını Londonda davam etdirməyə üstünlük verir. O, bu variantı Madrid “Atletiko”su və Milan “İnter”indən gələn maraqdan daha cəlbedici hesab edir.
“Roma” üçün isə Kone ilə yolların ayrılması getdikcə daha real görünür. Klub maliyyə tənzimlənməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün iyunun 30-dək transferlərdən ciddi gəlir əldə etməlidir.
Roma təmsilçisi yarımmüdafiəçini 50 milyon avro dəyərində qiymətləndirir. Komandanın baş məşqçisi Can Pyero Qasperini də fransalı futbolçunun satışına razılıq verməyə hazırdır.
Tərəflər arasında danışıqlar davam edir və “Arsenal” rəhbərliyi transferi iyunun sonunadək rəsmiləşdirməyi planlaşdırır.