- Transfer
- 02:03 24.06.2026
İngiltərənin “İpsviç Taun” klubu baş məşqçi postuna Qari O’Nilin təyin olunduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis klubla 2029-cu il iyunun 30-dək müqavilə imzalayıb.
Qeyd edək ki, O’Nil klubun 90 illik peşəkar tarixində 20-ci baş məşqçi olub.
Mütəxəssisin son iş yeri Fransanın “Strasburq” klubu olub. O, ötən mövsüm komandanı Konfrans Liqasının yarımfinalına yüksəldib və Fransa çempionatında 8-ci yeri qazandırıb. O’Nil daha əvvəl “Bornmut” və “Vulverhempton” klublarını da çalışdırıb.
Yeni baş məşqçi təyinatla bağlı bunları deyib: “Bu böyük futbol klubunun baş məşqçisi olmaq mənim üçün şərəfdir. Komandanın son illərdəki inkişafını yaxından izləyirdim və indi Premyer Liqada “İpsviç Taun”u çalışdırmaq fürsəti məni çox sevindirir”.
Qari O’Nil bu gün keçiriləcək mətbuat konfransında rəsmi olaraq ictimaiyyətə təqdim olunacaq.