- Transfer
- 23:16 24.06.2026
Argentina millisinin hücumçusu Xulian Alvaresin gələcəyi transfer bazarının ən çox müzakirə olunan mövzularından biri olaraq qalır.
90deqiqe.Az-ın “COPE”yə istinadən məlumatına görə, futbolçunun Madrid "Atletiko"sundan ayrılaraq "Barselona"ya keçmək istədiyi bildirilir. Məlumata görə, Alvares yaxın zamanda klubunu dəyişərək arzusunda olduğu komandada çıxış etmək niyyətini açıq şəkildə ifadə edib.
Bununla belə, Madrid təmsilçisi argentinalı forvardla yollarını ayırmağa hazır deyil. Xüsusilə də klub rəhbərliyi futbolçunu İspaniyanın digər nəhəngləri - "Barselona" və ya Madrid "Real"ına satmaq fikrində deyil.
"Atletiko" Alvareslə bağlı mümkün transfer təkliflərini nəzərdən keçirsə də, onun birbaşa rəqiblərinə keçidinə razılıq verməyəcək.
Bundan əvvəl İspaniya mətbuatında Madrid klubunun 26 yaşlı hücumçunu daha çox İngiltərə təmsilçisi "Arsenal"a satmaqda maraqlı olduğu barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, "Atletiko" daha əvvəl "Barselona"nın Alvaresi transfer etməsinin yalnız bir yolu olduğunu açıqlamışdı. Bu, futbolçunun müqaviləsində nəzərdə tutulan 500 milyon avroluq sərbəstqalma məbləğinin ödənilməsidir. Lakin Kataloniya təmsilçisinin belə bir məbləği ödəməsinin real görünmədiyi vurğulanır.