- Transfer
- 14:51 28.06.2026
"Torino"nun yarımmüdafiəçisi Çezare Kazadey yenidən "Çelsi"yə qayıda bilər.
90deqiqe.Az-ın “TUTTOmercatoWEB”ə istinadən məlumatına görə, London təmsilçisi 23 yaşlı italiyalı futbolçunun transferi istiqamətində iş aparır. Bildirilir ki, klub heyətin yenidən qurulması çərçivəsində Kazadeyi geri qaytarmaq üçün danışıqları davam etdirir.
Xatırladaq ki, "Çelsi" futbolçunu 2022-ci ildə "İnter"dən transfer etmiş, 2025-ci ilin əvvəlində isə "Torino"ya satmışdı. Kazadey London klubunun əsas komandasında 17 oyuna çıxsa da, məhsuldar göstərici ilə yadda qalmamışdı.
İtaliyalı yarımmüdafiəçi başa çatan mövsümdə bütün turnirlərdə 36 matçda iştirak edib, yeddi qola imza atıb.
Hazırda futbolçunun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.