- Transfer
- 00:12 30.06.2026
Polşa millisinin tarixində ən məhsuldar futbolçu olan Robert Levandovski karyerasını "Çikaqo Fayr" klubunda davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 37 yaşlı hücumçu ilə 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. Levandovski komandanın əsas ulduz futbolçularından biri statusunda çıxış edəcək.
Klubun idman direktoru və baş məşqçisi Qreq Berhalter polşalı forvardın transferini komandanın inkişafı baxımından mühüm addım kimi qiymətləndirib:
"Robert çempion xarakterinə malik futbolçudur. Onun komandaya qoşulması kuboklar uğrunda mübarizə aparmaq istəyimizi bir daha nümayiş etdirir. Onunla işləməyi səbirsizliklə gözləyirik".
Qeyd edək ki, Robert Levandovski peşəkar karyerası ərzində klub və milli komandada 700-dən çox qol vurub.
Təcrübəli hücumçu Almaniyada "Borussiya" (Dortmund) və "Bavariya", İspaniyada isə "Barselona" ilə çoxsaylı çempionluqlar qazanıb. O, iki dəfə ilin ən yaxşı futbolçusu seçilib, Polşada 13 dəfə ilin futbolçusu adına layiq görülüb, həmçinin Almaniya çempionatının yeddi, İspaniya çempionatının isə bir mövsümündə bombardir olub.
Levandovski 2022-ci ildən "Barselona"nın formasını geyinirdi. Polşa millisində isə 2008-ci ildən çıxış edən hücumçu 167 oyunda 89 qola imza ataraq ölkəsinin tarixinin ən məhsuldar futbolçusu statusunu qoruyur.