5 iyul 2026. Bazar günü

"Real Madrid" transfer etmədən 123,5 milyon avro qazanacaq


  • Transfer
  • 01:27 05.07.2026
  • Oxunma sayı: 54
"Real Madrid" transfer etmədən 123,5 milyon avro qazanacaq

“Real Madrid” yollarını ayırdığı futbolçular sayəsində də böyük gəlir əldə etməyə davam edir.

90deqiqe.Az xəbər verir ki, Madrid təmsilçisinin bu yay keçmiş oyunçularının transferlərindən əldə edəcəyi ümumi gəlir 123,5 milyon avroya çatacaq.

Komanda bu yay Mark Kukurelya, İbrahima Konate və Bernardo Silvanı heyətinə cəlb edib. Mario Martin, Dani Sebalyos, Daniel Karvahal və David Alaba isə klubla vidalaşıblar.

“Real Madrid” yalnız Mario Martinin transferindən birbaşa gəlir əldə etsə də, əvvəllər satdığı futbolçuların müqavilələrinə əlavə etdiyi gəlirdən pay maddəsi sayəsində ciddi məbləğ qazanacaq.

Madrid klubu “Komo”da uğurlu çıxış edən Niko Pası müqavilədəki bənddən istifadə edərək 9 milyon avroya geri alıb, daha sonra isə futbolçunu yenidən İtaliya təmsilçisinə 60 milyon avroya satıb.

Müqaviləsində növbəti satışdan 50 faiz pay maddəsi olan Mario Qilanın “Latsio”dan “Milan”a keçidi də “Real Madrid”ə qazanc gətirəcək. Bonuslarla birlikdə 30 milyon avro dəyərində nəzərdə tutulan transferdən 15 milyon avro Madrid klubunun hesabına köçəcək.

Bundan əlavə, “Liverpul”a transfer olunan Viktor Munyosdan 20 milyon avro gəlir əldə ediləcək. “Bornmut”a keçməsi gözlənilən Alvaro Rodriges və transferi artıq rəsmiləşən Aleks Ximenes də “Real Madrid”ə ümumilikdə 37,5 milyon avro qazandıracaq.

Beləliklə, bütün bu razılaşmalar nəticəsində “Real Madrid”in keçmiş futbolçularının transferlərindən əldə edəcəyi gəlir 123,5 milyon avroya yüksələcək.







Transfer