- Transfer
- 01:28 07.07.2026
"Beşiktaş"la yollarını ayıran Jota Silva karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Gazetta" nəşri məlumat yayıb. 26 yaşlı hücumçu "Olimpiakos"a transfer olmağa yaxındır.
Məlumata görə, "Olimpiakos"un futbol əməliyyatları üzrə rəhbəri Antonio Miqel Kardozo futbolçunu yaxşı tanıyır. O, "Vitoriya Gimaraeş" klubunda rəhbər vəzifədə çalışdığı dövrdə Jota Silva həmin komandanın əsas oyunçularından biri olub.
Xatırladaq ki, ötən mövsüm "Beşiktaş"da icarə əsasında çıxış edən Jota Silvanın müqaviləsi iyulun 1-də başa çatıb və o, məxsus olduğu İngiltərənin "Nottingem Forest" klubuna geri qayıdıb.
Portuqaliyalı futbolçu 2022-2024-cü illərdə "Vitoriya Gimaraeş"in formasını geyinib və daha sonra yeddi milyon avro qarşılığında "Nottingem Forest"a transfer olunub.
Jota Silva ötən mövsüm "Beşiktaş"ın heyətində 22 oyunda meydana çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.