- Transfer
- 23:20 09.07.2026
Madrid "Real"ı ilə Vinisius Junior arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlarda hələ də irəliləyiş yoxdur.
90deqiqe.Az-ın məlumatına görə, klub rəhbərliyi braziliyalı futbolçuya təqdim etdiyi son maaş təklifini artırmaq niyyətində deyil.
Məlumata görə, "Real" Vinisiusa mövsüm üçün xalis 20 milyon avro maaş təklif edib. Hazırda futbolçunun illik qazancı 17 milyon avro təşkil edir.
Lakin Vinisiusun nümayəndələri illik maaşın 30 milyon avroya yaxın olmasını tələb edirlər. Onlar hesab edirlər ki, braziliyalı ulduz həm meydandakı çıxışı, həm də kommersiya baxımından yaratdığı dəyərə görə bu məbləğə layiqdir.
Qeyd edək ki, Vinisius Juniorun "Real"la hazırkı müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir.