- Transfer
- 23:23 16.07.2026
Almaniya millisinin hücumçusu Kərim Adeyemi "Barselona"ya transferə çox yaxındır.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, 24 yaşlı futbolçu tibbi müayinədən uğurla keçib. Kataloniya təmsilçisi ilə Dortmund "Borussiya"sı arasında transferlə bağlı son detallar da razılaşdırılıb.
Bildirilib ki, Adeyemi ötən axşam Barselonaya gəlib, bu gün isə şəhərdəki klinikalardan birində tibbi müayinədən keçib. Əvvəlcə müqavilə ilə bağlı bəzi hüquqi məsələlər səbəbindən transferin rəsmiləşdirilməsinin uzanacağı gözlənilsə də, tərəflər qısa müddətdə bütün fikir ayrılıqlarını aradan qaldırıblar.
Məlumata əsasən, "Barselona" futbolçunun transferi üçün ümumilikdə 34 milyon avro ödəyəcək. Bu məbləğin 26 milyon avrosu zəmanətli ödəniş, 8 milyon avrosu isə bonuslar şəklində nəzərdə tutulub.
Qeyd edək ki, Kərim Adeyemi bu yay "Barselona"nın Entoni Qordondan sonra ikinci transferi olacaq. Futbolçunun rəsmi təqdimat mərasiminin gələn həftə keçirilməsi, transferin isə yaxın saatlarda rəsmən açıqlanması gözlənilir.