- Transfer
- 00:35 18.07.2026
Niderlandın "Ayaks" klubu braziliyalı hücumçu Markos Leonardonun transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan Amsterdam təmsilçisinə keçib. Tərəflər 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıblar.
Transferin dəyərinin 20 milyon avroya yaxın olduğu bildirilir.
Markos Leonardo peşəkar futbol karyerasına Braziliyanın "Santos" klubunda başlayıb. O, 2024-cü ilin əvvəlində Portuqaliyanın "Benfika" klubuna transfer olunub, həmin ilin gedişində isə "Əl-Hilal"a keçib.
Hücumçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 82 rəsmi oyunda 48 qola imza atıb. O, həmçinin Braziliya milli komandasının formasını da geyinib.
Qeyd edək ki, Markos Leonardo bu yay "Ayaks"ın həyata keçirdiyi ən bahalı transferlərdən biri hesab olunur.