- Transfer
- 00:35 18.07.2026
Çilinin "Kolo-Kolo" klubu Kabo-Verde millisinin qapıçısı Vozinyanı heyətinə qatmaq istəyir.
90deqiqe.Az xəbər verir ki, klub rəhbərliyi 40 yaşlı qapıçıya artıq rəsmi təklif göndərib. Təcrübəli futbolçunun mövsümün ikinci hissəsində komandanın heyətini gücləndirəcəyi düşünülür.
Bildirilir ki, Vozinya karyerasını Çilidə davam etdirmək ehtimalına müsbət yanaşır. O, daha əvvəl yeni klub seçərkən əsas meyarın maliyyə və ya tanıtım imkanları deyil, idman baxımından perspektivli layihə olacağını açıqlamışdı.
Vozinya Kabo-Verde millisinin tarixində ilk dəfə qatıldığı dünya çempionatında komandanın 1/16 finala yüksəlməsində mühüm rol oynayıb. Uğurlu çıxışı sayəsində o, bir sıra xarici klubların diqqətini cəlb edib.
Qapıçı son olaraq Portuqaliyanın ikinci liqa təmsilçisindən ayrıldıqdan sonra azad agent statusu daşıyır.
Məlumata əsasən, Vozinyanın transferi uğrunda "Kolo-Kolo"nun əsas rəqibi ABŞ təmsilçisi "İnter Mayami"dir.