- Transfer
- 23:59 23.07.2026
İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin cinah oyunçusu Alexandro Qarnaçonu heyətinə qatdığını rəsmən elan edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 22 yaşlı argentinalı futbolçu mövsümün sonunadək icarə əsasında komandada çıxış edəcək. Razılaşmaya əsasən, gələn yay müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə transfer daimi xarakter alacaq.
"Aston Villa"nın baş məşqçisi Unai Emeri yeni transferdən məmnunluğunu gizlətməyib.
"Alehandronun komandamıza qoşulmasına çox sevinirik. O, son dərəcə istedadlı və gənc futbolçudur. Layihəmizin bir hissəsi olmaq və komandaya kömək etmək istəyini bizə göstərdi. Bu transferdən həqiqətən çox məmnunuq", - deyə ispan mütəxəssis bildirib.
Qeyd edək ki, Alexandro Qarnaço "Atletiko Madrid"in akademiyasının yetirməsidir. O, ötən il "Mançester Yunayted"dən 40 milyon funt sterlinq (təxminən 53,35 milyon ABŞ dolları) qarşılığında "Çelsi"yə transfer olunmuşdu.
Lakin London klubunda əsas heyətdə müntəzəm yer almaqda çətinlik çəkən cinah oyunçusu bütün turnirlərdə keçirdiyi 43 oyunda 8 qola imza atıb.
Qarnaço daha əvvəl "Mançester Yunayted"in heyətində beş mövsüm ərzində 144 oyuna çıxaraq 26 qol vurmuşdu. O, baş məşqçi Ruben Amorimin etimadını itirdikdən sonra ötən yay "qırmızı şeytanlar"la yollarını ayırmışdı.
Argentina millisinin 2026-cı il dünya çempionatı üçün açıqladığı 55 nəfərlik geniş heyətə daxil edilsə də, Qarnaço yekun iştirak ərizəsinə salınmayıb.