- Transfer
- 23:03 24.07.2026
Argentinalı hücumameyilli yarımmüdafiəçi Franko Mastantuono yay transfer pəncərəsində Madrid "Real"ını tərk edə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.
Mənbənin iddiasına görə, 18 yaşlı futbolçunun transferi uğrunda mübarizədə İtaliyanın "Fiorentina" klubu favorit hesab olunur. Florensiya təmsilçisi Mastantuononu satınalma hüququ olmadan bir mövsümlük icarəyə götürməyi planlaşdırır. Klub hesab edir ki, gənc futbolçu burada müntəzəm oyun praktikası qazanaraq inkişafını davam etdirə bilər.
Bundan əlavə, Mastantuononun İtaliya pasportuna malik olması "Fiorentina" üçün əlavə üstünlük yaradır. Belə ki, o, A Seriyasında Avropa İttifaqına daxil olmayan legioner limiti çərçivəsində yer tutmayacaq.
Məlumata görə, argentinalı yarımmüdafiəçi ilə yalnız "Fiorentina" maraqlanmır. Onun xidmətində Argentinanın "River Pleyt", İspaniyanın "Vilyarreal" və İngiltərənin "Fulhem" klubları da maraqlıdır.
Qeyd edək ki, avqust ayında Franko Mastantuononun 19 yaşı tamam olacaq. "Transfermarkt" portalı gənc futbolçunun transfer dəyərini 45 milyon avro qiymətləndirir.