- Transfer
- 23:36 25.07.2026
İtaliyanın "Komo" klubu "Çelsi"nin müdafiəçisi Trevo Çalobanın transferi üçün təklifini yaxşılaşdırıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, A Seriyası təmsilçisi London klubuna 25 milyon avro sabit məbləğ, əlavə olaraq isə 5 milyon avro bonus təklif edib. Qeyd olunur ki, bonus şərtləri asanlıqla yerinə yetirilə biləndir və bu səbəbdən transfer məbləğinin 30 milyon avroya çatacağı demək olar ki, qarantidir.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Məlumata görə, Trevo Çaloba da "Komo"ya keçməkdə maraqlıdır.
Qeyd edək ki, Sierra-Leonedə anadan olan və İngiltərə millisində çıxış edən 27 yaşlı müdafiəçi ötən mövsüm klub səviyyəsində 47 oyunda meydana çıxıb. O, bu görüşlərdə 3 qol vurub, 4 sarı və 1 qırmızı vərəqə alıb.