- Transfer
- 23:36 25.07.2026
Madrid "Real"ının gənc hücumçusu Endrik karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Sport.fr" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 20 yaşlı braziliyalı futbolçunun xidmətində "Roma" maraqlıdır. Paytaxt təmsilçisi forvardı satınalma hüququ olmadan bir mövsümlük icarəyə götürmək variantını nəzərdən keçirir.
Qeyd olunur ki, daha əvvəl insayder Ekrem Konur da Endrikin icarəyə götürülməsinin "Roma" üçün əsas transfer hədəflərindən biri olduğunu bildirmişdi.
Buna baxmayaraq, Madrid "Real"ı gənc hücumçunu uzunmüddətli planlarının bir hissəsi hesab edir və onun tam transferi variantını nəzərdən keçirmir. Endrikin "Kral klubu" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Xatırladaq ki, braziliyalı futbolçu ötən mövsümün ikinci yarısını daha çox oyun praktikası qazanmaq üçün Fransanın "Lion" klubunda icarə əsasında keçirib. İspaniyaya qayıtdıqdan sonra isə Joze Mourinyonun rəhbərlik etdiyi komandada hücum xəttindəki güclü rəqabət səbəbindən onun gələcəyi yenidən müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Endrik 2024-cü ildə "Palmeyras"dan "Real"a keçdiyi vaxtdan bəri Madrid klubunun heyətində 40 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.