- Transfer
- 18:06 26.07.2026
2026-cı il dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi uğurlu çıxışla diqqət mərkəzinə düşən təcrübəli qapıçı Vozinyanın yeni klubu müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı qolkiper karyerasını Çilidə davam etdirəcək.
Son iki mövsümü Portuqaliyanın "Şaveş" klubunda keçirən Vozinya müqaviləsinin başa çatmasının ardından komandadan ayrılıb. Çilinin "Kolo-Kolo" klubunun prezidenti Anibal Mosa "TNT Sports"a açıqlamasında transferi təsdiqləyib.
"Vozinyanın "Kolo-Kolo"nun yeni futbolçusu olduğunu deyə bilərəm. Razılıq əldə olunub. Son detalları həll edirik və futbolçunun nümayəndəsi də bunu təsdiqləyib", - deyə klub rəhbəri bildirib.
"Kolo-Kolo" da transferi rəsmi sosial media hesabında elan edib. Klubun paylaşımında ispan, portuqal və ingilis dillərində "Xoş gəlmisən" ifadəsi yer alıb. Bundan əlavə, "Sizi Monumental stadionunda gözləyirik" mesajı paylaşılıb.
Qeyd edək ki, Kabo-Verde millisinin tarixində ilk dəfə qatıldığı dünya çempionatında İspaniya millisi ilə qolsuz heç-heçə etdiyi görüşdə Vozinya yeddi möhtəşəm qurtarışla yadda qalıb və matçın ən yaxşı futbolçusu seçilib. Təcrübəli qapıçı milli komandanın heyətində ümumilikdə 92 oyun keçirib.