- Transfer
- 20:55 26.07.2026
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Bavariya"nın cinah oyunçusu Luis Diası transfer etmək üçün böyük məbləğ ayırmağa hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Goal.com" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Səudiyyə təmsilçisi ilk növbədə kolumbiyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmaq niyyətindədir. Klubun 28 yaşlı vingerə illik təxminən 25 milyon avro maaş təklif edəcəyi gözlənilir.
Bundan sonra "Əl-Hilal" "Bavariya" ilə rəsmi danışıqlara başlayacaq. Bildirilir ki, transferin dəyəri 100-130 milyon avro arasında ola bilər.
Müqavilə baş tutacağı təqdirdə, Luis Dias Səudiyyə Ərəbistanı çempionatı tarixinin ən bahalı transferi olacaq. Hazırkı rekord 2023-cü ildə PSJ-dən təxminən 90 milyon avroya "Əl-Hilal"a keçən braziliyalı ulduz Neymara məxsusdur.
Qeyd olunur ki, "Əl-Hilal"ın transfer büdcəsi 300 milyon avro təşkil edir. Bu səbəbdən Luis Diasın mümkün transferinin klubun yeganə böyük yay keçidi olmayacağı istisna edilmir.