- Transfer
- 00:02 28.07.2026
Meksika millisinin sabiq hücumçusu Xavyer Ernandes, daha çox Çiçarito ləqəbi ilə tanınan futbolçu karyerasını ABŞ-də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, keçmiş "Mançester Yunayted" forvardı yaxın vaxtlarda ABŞ-nin "USL Championship" liqasında çıxış edəcək "Atletiko Dallas" klubuna qoşulacaq.
Qeyd olunur ki, Çiçarito "Atletiko Dallas" tarixində ilk transfer olacaq. Yeni yaradılan klubun "USL Championship"də debütü 2028-ci ilə planlaşdırılıb. Futbolçu isə 2027-ci ildən komandanın heyətində çıxış edəcək. Buna baxmayaraq, o, indidən klubun inkişaf layihəsində fəal iştirak edəcək.
Xatırladaq ki, Xavyer Ernandes 2010-2020-ci illərdə Avropada çıxış edib. O, bu müddətdə "Mançester Yunayted", Madrid "Real"ı, Leverkuzen "Bayer"i və "Sevilya"nın formasını geyinib.
Qeyd edək ki, "USL Championship" ABŞ-də MLS-dən sonra ikinci ən güclü futbol liqası hesab olunur. Lakin bu iki liqa arasında yüksəlmə və aşağı liqaya düşmə sistemi mövcud deyil.