- Transfer
- 23:15 31.07.2026
İtaliyanın "Yuventus" klubu İngiltərənin "Mançester Siti" komandasında çıxış edən niderlandlı yarımmüdafiəçi Tijani Reyndersi transfer etmək imkanlarını dəyərləndirir.
90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, Turin təmsilçisi artıq futbolçunun nümayəndələri ilə ilkin təmaslar quraraq onun klubun layihəsinə qoşulmağa hazır olub-olmadığını öyrənib. Bununla yanaşı, "Yuventus" futbolçunun icarəyə götürülməsi ehtimalı ilə bağlı "Mançester Siti"yə də müraciət edib. Tərəflər arasında hələlik rəsmi danışıqlara başlanılmayıb.
Mənbənin məlumatına əsasən, Reynders hazırda azad agent statusunda olan Frank Kessyeyə alternativ variant kimi nəzərdən keçirilir. Bildirilir ki, ivuarlı yarımmüdafiəçi ilə aparılan danışıqların uzanması Turin klubunu digər seçimlərə yönəldib.
27 yaşlı Reynders ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının qiymətləndirməsinə əsasən, niderlandlı futbolçunun hazırkı transfer dəyəri 50 milyon avro təşkil edir.