4 avqust 2026. Çərşənbə axşamı

Depayın qeyri-adi tələbləri "Korintians"la danışıqları dalana dirədi


  • Transfer
  • 01:02 04.08.2026
  • Oxunma sayı: 59
Depayın qeyri-adi tələbləri "Korintians"la danışıqları dalana dirədi

Braziliyanın "Korintians" klubu ilə niderlandlı hücumçu Memfis Depay arasında yeni müqavilə ilə bağlı danışıqlar çıxılmaz vəziyyətə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb 32 yaşlı futbolçunun müqavilənin uzadılması üçün irəli sürdüyü şərtlərdir.

Bildirilir ki, Depay müqaviləsini daha iki il uzatmaq istəyir. O, klubdan "Neo Kimika Arena"da şəxsi VIP loja, stadiondan şəxsi tədbirlərinin keçirilməsi üçün istifadə hüququ və həmin tədbirlərdən əldə olunan gəlirin 50 faizinin ona məxsus olmasını tələb edib. "Korintians" rəhbərliyi bu şərtlərlə razılaşıb.

Lakin klub niderlandlı hücumçunun başqa bir istəyini qəbul etməyib. Depay müqaviləyə elə bir bəndin daxil edilməsini istəyib ki, "Korintians" qarşıdakı üç il ərzində Klublararası Dünya Çempionatının qalibi olacağı təqdirdə, hətta həmin vaxt komandada çıxış etməsə belə, bonus əldə etsin. Klub bu tələbi rədd edib.

Tərəflər arasında əsas fikir ayrılığı isə mükafat ödənişləri ilə bağlıdır. Futbolçunun nümayəndələri Depayın komandanın qazandığı titullara görə verilən mükafatların 20 faizini almasını istəyirlər. "Korintians" isə bonusun yalnız futbolçunun mövsüm ərzində oyunların ən azı yarısında iştirak etdiyi halda ödənilməsini təklif edir.

Qeyd edək ki, Memfis Depay "Korintians"ın heyətində keçirdiyi 79 oyunda 20 qol vurub və beş məhsuldar ötürmə edib. O, cari mövsümdə isə 14 matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer