- Transfer
- 23:46 05.08.2026
Almaniyanın "Bayer" klubu "Napoli"nin sol cinah müdafiəçisi Migel Qutyerresin transferini rəsmən elan edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 25 yaşlı ispaniyalı futbolçu Leverkuzen təmsilçisi ilə 2031-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıb.
Transferdən sonra açıqlama verən Qutyerres "Bayer"i seçməsinin səbəblərindən danışıb.
"Bu klub son illərdə məndə böyük təəssürat yaradıb. "Bayer"in həm İtaliyada, həm də vətənim İspaniyada çox yaxşı nüfuzu var. Bundesliqa haqqında çox eşitmişəm, oyunları izləmişəm və Almaniya stadionlarındakı atmosferi yaşamaq üçün səbirsizlənirəm", - deyə futbolçu bildirib.
Qeyd edək ki, Madrid "Real"ının yetirməsi olan Migel Qutyerres 2025-ci ilin yayında "Jirona"dan "Napoli"yə transfer olunmuşdu.
O, ötən mövsüm Neapol klubunun heyətində bütün turnirlərdə keçirdiyi 36 oyunda bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Mətbuatda yayılan xəbərlərə görə, "Bayer" bu transfer üçün "Napoli"yə təxminən 25 milyon avro ödəyib.