- Transfer
- 23:59 07.08.2026
İngiltərənin "Kristal Pelas" klubu yaponiyalı müdafiəçi Takehiro Tomiyasunun transferini rəsmən açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu tibbi baxışdan və sınaq mərhələsindən uğurla keçdikdən sonra London təmsilçisinə azad agent kimi qoşulub.
Tomiyasu baş məşqçi Pyer Sajın komandasında yay transfer dönəmində Oskar Minqesadan sonra ikinci yeni futbolçu olub.
"Kristal Pelas"da yaponiyalı futbolçu 17 nömrəli formanı geyinəcək.
Yapon müdafiəçi həm sağ, həm sol cinahda, həm də mərkəz müdafiəsində çıxış edə bilir. O, daha əvvəl dörd il Londonun digər klubu "Arsenal"ın formasını geyinib.
"İşə başlamağı səbirsizliklə gözləyirəm. Klub son iki mövsümdə üç kubok qazanaraq möhtəşəm dövr yaşayır. Mən məhz burada olmaq istəyirdim", - deyə Tomiyasu bildirib.
Qeyd edək ki, Tomiyasu Yaponiya millisinin heyətində 46 oyun keçirib və 2026-cı il dünya çempionatında iştirak edib.