- Transfer
- 00:49 12.08.2026
“Yuventus” və “Fiorentina”nın sabiq hücumçusu Duşan Vlahoviç karyerasını Türkiyədə davam etdirəcək.
90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, 26 yaşlı serbiyalı futbolçu “Beşiktaş”la keçid şərtləri barədə razılığa gəlib.
Məlumata əsasən, Vlahoviç İstanbul klubunda mövsümə 8 milyon avro qazanacaq. Bonuslarla birlikdə onun illik gəlirinin 10 milyon avroya çatacağı bildirilir. Bundan əlavə, futbolçunun və agentinin böyük məbləğdə imza bonusu əldə edə biləcəyi qeyd olunur.
Vlahoviç iyunun 30-da “Yuventus”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alıb. Serbiyalı hücumçu ilə daha əvvəl “Milan”, “Napoli”, “Roma”, “Atletiko”, “Arsenal” və “Mançester Yunayted” də maraqlanıb. Lakin bu klubların heç biri futbolçunun maliyyə tələblərini qarşılamağa hazır olmayıb.
“Beşiktaş”ın prezidenti Serdal Adalı müqavilənin rəsmiləşdirilməsi üçün Belqrada yollanıb. Onun avqustun 12-də, çərşənbə günü İstanbula qayıdacağı gözlənilir.
Vlahoviçin “Beşiktaş”a keçidi onun Vinçentso İtalyano ilə yenidən bir araya gəlməsinə səbəb olacaq. İtalyano daha əvvəl “Fiorentina”da serbiyalı hücumçu ilə birlikdə çalışıb.