- Transfer
- 23:50 13.08.2026
“Mançester Yunayted” Belçikanın “Brügge” klubunda çıxış edən Nikolo Tresoldini transfer etmək imkanını nəzərdən keçirir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “TEAMtalk” məlumat yayıb.
Bildirilib ki, 21 yaşlı alman hücumçuya “Barselona”, “Çelsi” və “Tottenhem” də maraq göstərir.
“Mançester Yunayted”də Tresoldinin komandaya uyğun futbolçu olduğu düşünülür. İngiltərə klubu onu debüt mövsümündə 12 qol vuran Benyamin Şeşko ilə rəqabət apara biləcək hücumçu kimi qiymətləndirir.
Almaniya U-21 millisinin üzvü olan Tresoldi ötən mövsüm klub səviyyəsində 23 qol vurub. Onun transfer dəyərinin 45-50 milyon avro civarında olduğu bildirilir.
Qeyd olunur ki, “Roma” artıq hücumçu üçün rəsmi təklif göndərib. Lakin İtaliya klubunun təklifi “Brügge”nin tələb etdiyi məbləğdən aşağı olduğundan rədd edilib.
“Barselona” isə Tresoldini Xulian Alvaresə alternativ kimi nəzərdən keçirir. Kataloniya klubunun alman hücumçunun transferini maliyyələşdirmək üçün Ferran Torresin satışından əldə olunacaq vəsaitdən istifadə edə biləcəyi bildirilir.