- Transfer
- 22:58 15.08.2026
İngiltərənin “Aston Villa” klubu İtaliyanın “Parma” komandasında çıxış edən və Yaponiya millisinin qapısını qoruyan Zion Suzuki ilə maraqlanır.
90deqiqe.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, Birmingem təmsilçisi PSJ-yə keçidi baş tutmayan 24 yaşlı qapıçı üçün rəsmi sorğu göndərib. “Aston Villa”nın Paris klubunun təklif etdiyi 35 milyon avroluq məbləği təkrarlamağa və futbolçu ilə uzunmüddətli müqavilə imzalamağa hazır olduğu qeyd olunub.
Daha əvvəl PSJ-nin komissiya ödənişlərinin şərtlərində yaranan dəyişiklik səbəbindən Suzuki transferindən imtina etdiyi barədə məlumat yayılmışdı.
Zion Suzuki 2024-cü ilin yayında Belçikanın “Sent-Trüden” klubundan 7,5 milyon avro qarşılığında “Parma”ya keçib. Yaponiya millisinin üzvü ötən mövsüm İtaliya təmsilçisinin heyətində 22 oyunda meydana çıxıb, 30 qol buraxıb və 6 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt”ın məlumatına görə, qapıçının hazırkı bazar dəyəri 30 milyon avro qiymətləndirilir.