- Transfer
- 22:44 17.08.2026
“Mançester Yunayted” komandanın kapitanı Bruno Fernandeş üçün yay transfer pəncərəsində ediləcək bütün təklifləri rədd etmək niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "BBC" məlumat yayıb.
Mənbənin məlumatına görə, ötən həftə 31 yaşlı portuqaliyalı yarımmüdafiəçiyə “Qalatasaray”, “Yuventus” və “Milan” klubları maraq göstərib. Hətta İstanbul təmsilçisinin ümumi dəyəri 50 milyon avroya çata biləcək təklif hazırladığı bildirilib.
Klub daxilindəki mənbənin sözlərinə görə, Bruno Fernandeş heç bir məbləğ qarşılığında satışa çıxarılmayacaq. Bu qərar “Mançester Yunayted”in ötən yaydakı mövqeyindən fərqlənir. Həmin vaxt İngiltərə klubu futbolçuya Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan gələn təklifi qəbul edib-etməmək barədə qərarı özünə buraxmışdı.
Qeyd edək ki, Bruno Fernandeşin “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti daha bir mövsümdür.
Portuqaliyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 21 məhsuldar ötürmə ilə yadda qalıb və turnirin yeni rekordunu müəyyənləşdirib.