- Transfer
- 02:23 21.08.2026
“Yuventus”un hücumameyilli yarımmüdafiəçisi Kənan Yıldızın bu transfer pəncərəsində “Arsenal”a keçidi baş tutmaya bilər.
90deqiqe.Az-ın məlumatına görə, London klubu 21 yaşlı türk futbolçu üçün 100 milyon avro təklif edib. Lakin “Yuventus” rəhbərliyi bu təkliflə bağlı danışıqlar aparmaqdan imtina edib. Bu barədə jurnalist Mattheys Poq məlumat yayıb.
Bundan əlavə, Kənan Yıldızın özünün də “Arsenal”a keçidə maraq göstərmədiyi bildirilir. Gənc futbolçu karyerasını Turində davam etdirmək istəyir.
Transfermarkt portalı Yıldızın transfer dəyərini 75 milyon avro qiymətləndirir. Futbolçunun “Yuventus”la müqaviləsi isə 2030-cu ilin yayına qədər qüvvədədir.
Qeyd olunur ki, “Yuventus”un hücum xəttinin əsas fiqurlarından biri olan Yıldızın transferində “Arsenal”ın baş məşqçisi Mikel Arteta şəxsən maraqlı olub.