- Transfer
- 02:23 21.08.2026
İtaliya A Seriyasına qayıtmaq ehtimalı gündəmdə olan Frank Kessye karyerasını “Yuventus”da davam etdirməyə üstünlük verir.
90deqiqe.Az-ın “Sky Sport Italia”ya istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Turin klubundan konkret təklif gözləyir. Fil Dişi Sahilindən olan futbolçu “Yuventus” variantını digər mümkün seçimlərdən üstün tutur.
Bununla belə, “Yuventus”un Kessyeni heyətinə qatması üçün əvvəlcə bir neçə futbolçu ilə yollarını ayırması tələb olunur. Turin təmsilçisinin Artur Melo ilə yanaşı, daha bir yarımmüdafiəçini satmağı planlaşdırdığı bildirilir.
Kessye bu ilin yayında Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu tərk edərək azad agentə çevrilib. O, son üç mövsümü Səudiyyə klubunda keçirib.
Peşəkar karyerasında “Milan”, “Atalanta” və “Barselona” kimi klubların formasını geyinən Kessye xüsusilə İtaliyadakı çıxışı ilə tanınıb. Fil Dişi Sahili millisinin üzvü “Milan”da keçirdiyi dövrdə A Seriyasının ən diqqətçəkən yarımmüdafiəçilərindən birinə çevrilmişdi.