- Transfer
- 00:20 23.08.2026
“Trabzonspor” heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
90deqiqe.Az-ın “A Spor”a istinadən məlumatına görə, Türkiyə klubu braziliyalı yarımmüdafiəçi Fabinyonun transferində son mərhələyə çatıb. "Bordo-mavililər" orta sahəyə yeni oyunçu cəlb etmək üçün transfer çalışmalarını davam etdirir. Siyahıda yer alan əsas namizədlərdən biri də Fabinyodur.
“Liverpul”dan 2023-cü ildə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçən 32 yaşlı futbolçu müqaviləsinin başa çatmasının ardından komandanı tərk edib. “Trabzonspor” təcrübəli yarımmüdafiəçi ilə prinsipial razılığa gəlib.
Transferin tamamlanmaq üzrə olduğu, lakin hələlik rəsmi müqavilənin imzalanmadığı bildirilir. “Trabzonspor” Fabinyonu heyətinə qatacağı təqdirdə onun üçün təzminat ödəməyəcək.
Peşəkar karyerasına Braziliyanın “Pauliniya” klubunda başlayan Fabinyo daha sonra “Fluminense”, “Rio Ave” və “Real Madrid”in ikinci komandası olan “Kastilya”da çıxış edib.
Futbolçu 2013-cü ildə icarə əsasında “Monako”ya keçib. İki mövsüm sonra isə Fransa klubu onun transfer hüquqlarını tam əldə edib. “Monako”da 3 mövsüm keçirən Fabinyo 2018-ci ilin yayında “Liverpul”la müqavilə imzalayıb.
32 yaşlı yarımmüdafiəçi karyerası ərzində 594 rəsmi oyunda meydana çıxıb. O, bu matçlarda 51 qol vurub və 43 məhsuldar ötürmə edib.