- Transfer
- 00:03 27.08.2026
“Sanderlend” “Mançester Siti”nin ulduz yarımmüdafiəçisi Cek Qrilişin transferi üçün hərəkətə keçib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” məlumat yayıb.
“Sanderlend” 30 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürmək niyyətindədir və bununla bağlı “Mançester Siti”yə rəsmi təklif göndərib.
Razılaşmanın şərtlərinə əsasən, “şəhərlilər” Qrilişin maaşının müəyyən hissəsini ödəməyə davam edəcək. Eyni zamanda, müqavilədə ingiltərəli futbolçunun icarə müddəti başa çatmadan birdəfəlik transfer olunması ilə bağlı satınalma bəndinin də yer alması nəzərdə tutulur.
Qriliş ötən mövsümdə “Everton”da icarə əsasında çıxış edib. Yanvarda ayağından aldığı stress sınığı onun mövsümü vaxtından əvvəl başa vurmasına səbəb olub. Zədəyə qədər 22 oyunda iştirak edən futbolçu 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərə millisinin sabiq üzvü cari mövsümdə isə “Mançester Siti”nin hər iki matçında ikinci hissədə meydana çıxıb. Qriliş “Arsenal”la İngiltərə Superkuboku, həmçinin “Bornmut”la Premyer Liqanın ilk tur oyununda sonradan oyuna daxil olub.