- Transfer
- 00:41 27.08.2026
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze daha bir İtaliya klubu tərəfindən transfer hədəfinə çevrilib.
90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, “Fiorentina” 25 yaşlı niderlandlını yay transfer pəncərəsində əsas hədəf kimi müəyyənləşdirib. Florensiya təmsilçisi Zirkzeni komandadan ayrılmağa hazırlaşan Moyze Kinin əvəzləyicisi kimi görür.
Kinin “Komo”ya keçməkdə israrlı olduğu bildirilir. Bu səbəbdən “Fiorentina” hücum xəttini Zirkze ilə gücləndirməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl “Napoli” və “Yuventus”un da niderlandlı forvarda maraq göstərdiyi barədə məlumatlar yayılıb.
“Transfermarkt” portalı Zirkzenin bazar dəyərini 20 milyon avro qiymətləndirir. Futbolçu İngiltərəyə yollanmazdan əvvəl İtaliyada “Bolonya”nın formasını geyinib.